SAVAK niyə şahı xilas edə bilmədi: İran kəşfiyyatının tarixi | Dosye

      SAVAK niyə şahı xilas edə bilmədi:    İran kəşfiyyatının tarixi    | Dosye
  03 Avqust 2023    Oxunub:3979
1941-ci il sentyabrında 22 yaşlı Məhəmməd Rza Pəhləvi İran şahənşahı elan olundu. “Şahlar Şahı” əvvəlcə formal rəhbər idi və dövlət işlərinə demək olar ki, qarışmır, zəif və fərasətsiz hesab olunurdu. Şahın mütləq monarxa çevrilməsinə dalbadal baş verən bir sıra mühüm hadisə səbəb oldu.
1949-cu il fevralın 9-da Tehran universitetini ziyarət edən Rza şah az qala sui-qəsd qurbanı olacaqdı. Ancaq ona cəmi üç metrdən atəş açan terrorçunun əli əsdiyindən şahın canı yanağından aldığı yüngül yara ilə qurtardı.

Şaha "şah" verənlər

50-ci illərin əvvəllərində İranda kəskin siyasi böhran yaranmışdı. Paytaxt da daxil, bütün ölkəni etiraz dalğası bürümüşdü. Kütlə monarxiyanın ləğvini tələb edirdi, şahın taleyi tükdən asılı vəziyyətə düşmüşdü. Etirazları yalnız yeni dostlar olan Amerika xüsusi xidmətlətinin və monarxiya tərəfdarı generalların qəti hərəkətləri sayəsində yatırmaq mümkün oldu.

Gələcəkdə də şəraitin girovuna çevrilmək istəməyən şah taxt-tacını möhkəmlətmək üçün tədbirlər görməyə başladı. 1957-ci ildə onun rəhbərliyi altında daxili müxalifəti və monarxiya əleyhinə olan mühacirəti boğmaq yeni xüsusi xidmət – SAVAK adlı siyasi polis yaradıldı.

SAVAK-ın formalaşmasında MKİ, Mossad, həmçinin Britaniya və Fransa kəşfiyyatları mühüm rol oynadılar. Tehrana MKİ mütəxəssislərindən ibarət daimi qrup gəldi. Onlar iranlı agentlərə gizli müharibənin, “liter” əməliyyatlarının və əks-kəşfiyyatın sirlərini, sorğu-sual texnologiyasını və alınmış informasiyanı təhlil etməyi öyrədirdilər.

SAVAK əməkdaşları mütəmadi olaraq ABŞ hərbi-hava bazalarından birinə gedərək, orada sorğu-sual aparılması taktikası üzrə biliklərini təkmilləşdirirdilər. Onlara gestapoçuların istifadə etdiyi işgəncə üsulları ilə təlim keçilməsiylə bağlı məlumatlar var.
Şahın müxalifləri rəngarəng idi. Onlara sol qüvvələr, ilk növbədə İran kommunistlərinin TUDƏ partiyası; həm mülayim, həm də radikal islamçılar; qərbpərəst liberallar, mədəniyyət xadimləri, müstəqil jurnalistlər; millətçilər və separatçılar; dissidentlər daxil idilər. Onlar hamısı özünü “azadlıq mübarizləri” adlandırırdı, amma hər birinin “azadlıq” haqqında öz təsəvvürü vardı. Onları birləşdirən yeganə amil Pəhləvi sülaləsinə, şaha nifrət idi; şahın ölkəni Amerika və İsrailə satdığını iddia edirdilər.

“Qiyamçıların qənimi”

Şah polisinin rəhbəri, Tehranın hərbi qubernatoru general Teymur Bəxtiyar qiyamçılara qarşı amansız mübarizə aparırdı. SAVAK əməkdaşları məhkəmə orderi olmadan kütləvi həbslər həyata keçirir, şübhəliləri heç bir ittiham irəli sürmədən uzun müddət zindanda saxlayırdılar.

SAVAK-ın xüsusi həbsxanaları vardı və deyilənə görə, orada məhbuslara ağır, təhqiramiz işgəncələr verilirdi. General Bəxtiyar adamlarına qiyamçılarla amansız olmağı əmr etmişdi. Müxaliflərin gizli yığıncaqları haqda məlumat daxil olanda SAVAK pusqu qurur, fəalları yerindəcə məhv edirdi. Lakin hesabatlarda və KİV-ə verilən məlumatlarda “qiyamçıların” müqavimət göstərdiyi və cavab tədbirləri ilə məhv edildiyi bildirilirdi.


SAVAK-ın fəaliyyət dairəsi təkcə İranın daxili ilə məhdudlaşmırdı. Onun qarşısına xarici universitetlərdə təhsil alan tələbələrə gizli nəzarət vəzifəsi də qoyulmuşdu. Bundan başqa, mühacirətdəki anti-şah təşkilatlar da ciddi diqqət tələb edirdi. Ancaq SAVAK-ın əsas mübarizəsi daxildəki müxalifətlə idi.

Şah öz gizli polisinin rəhbərindən razı idi. Dörd ilə yaxın vaxt ərzində general Teymur Bəxtiyar əsas müxalif qüvvələri dağıtmış, yaxud son dərəcə gizli fəaliyyətə məcbur edə bilmişdi. Bununla belə, Con Kennedinin yaxın dostu olan qüdrətli generalın başı üzərində qara buludlar dolaşırdı.

Onu da əlavə edək ki, SAVAK ilə yanaşı həmin dövrdə daha bir məxfi xidmət yaradılmışdı – Şah İnspeksiyası. Ona monarxın özü qədər etibar etdiyi şagird və tələbə yoldaşı Hüseyn Fərdust rəhbərlik edirdi. Fərdust “Xüsusi məlumatlar bürosunun” da başçısı idi, 1961-ci ildən isə SAVAK-ın faktiki ikinci adamına çevrilmişdi və beləcə, şahın üç xüsusi xidmətinə nəzarət edirdi.

Gözlənilməz dəyişiklik

Əyanlar şaha Bəxtiyarın ona sui-qəsd hazırladığını pıçıldadılar. Yəqin ki, bu çuğulçuluqda Fərdustun da rolu olmamış deyildi. Başqa bir versiyaya görə, ABŞ-da səfərdə olan Bəxtiyar oradakı həmkarları ilə məxfi görüşlərdə ağzından şahın ünvanına qeyri-loyal ifadələr qaçırıb və amerikanlar bunu dərhal şahənşahın qulağına çatdırıblar.

Hər necə olsa da, general 1961-ci ildə istefaya göndərildi. İl yarımdan sonra ölkəni tərk etdi. Əvvəlcə Fransada yaşasa da, sonra Cenevrəyə, oradan isə Livana köçdü. Xaricdə sabiq SAVAK şefində qəfil metamorfoz baş verdi: o, cəlladdan “azadlıq aşiqinə” çevrildi. Pərakəndə halda olan İran müxalifətini birləşdirməyə çalışaraq, yaxın vaxtlara qədər təqib etdiyi hamıyla danışıq apardı. Xomeyni, TUDƏ partiyasının rəhbərliyi, qəzəbə gəlmiş əyanlar, hətta Şərqi Azərbaycanın ayrılması uğrunda mübarizə aparan qüvvələrlə əlaqə yaratdı.

Bundan əlavə, radioda və mətbuatda çıxışlar edərək, xaricdə şah əleyhinə təşkil olunan bütün aksiyalara qoşuldu. İran höküməti də öz növbəsində onu beynəlxalq axtarışa verərək, həbs olunaraq təhvil verilməsini tələb etdi. Bundan sonra İraqa gedən general orada böyük məmnuniyyətlə qarşılandı, ona Pəhləvi rejiminə qarşı mübarizədə hər cür dəstək və vəd verildi.

Tezliklə Bəxtiyar İraq hökümətinin dəstəyilə Bağdadda öz radiostansiyası olan və İrana ünvanlanmış müntəzəm çağırışlar edən anti-şah mərkəzi yaratdı. Şah rejiminin tanınmış əleyhdarları Yaxın Şərqin və Qərbi Avropanın hər yerindən onun yanına axışdılar. Qızğın fəaliyyəti nəticəsində Bəxtiyar müxalifətin əsas liderlərindən birinə çevrildi. Onunla hətta şah rejimini “demokratik azadlıqları” boğmaqda günahlandıran bir sıra Qərb ölkələri liderləri də gizli əlaqə saxlayırdılar.

Rejimin sadiq nökəri

Bəxtiyarı istefaya göndərən şah onun yerinə Həsən Pakrəvanı təyin etdi. SAVAK-ın yeni şefi gizli polisdə hökm sürən sərt qaydaları yumşaltmağa çalışdı. Xüsusilə də, Xomeyni həbs olunduqdan sonra onun həbsxanadan ev dustaqlığına köçürülməsi əmrini verərək, ayətullah ilə bir neçə saat söhbət etdi. Yüksək dairələr “dövlət quruluşunu dəyişməyə çağırışlar edən” inadkar dini liderə ölüm cəzası verməyi müzakirə edərkən, Pakrəvan bunun “xalqın qəzəbinə səbəb olacağını” bildirdi.

Nəticədə Xomeynini ölkədən sürgün etdilər. Bir müddət sonra Pakrəvanı da istefaya göndərdilər. Şah hesab edirdi ki, gizli polisin rəhbəri daha sərt adam olmalıdır.

1965-ci ildə SAVAK-ın şefi imperator qvardiyasının rəisi Nemətulla Nasiri oldu. O öz “proqressiv” sələfindən fərqli olaraq, sərt tədbirlər tərəfdarı idi və təşkilatı yenidən qurmağa başladı. Korrupsioner məmurlara və müxaliflərə güzəştə gedən bütün əməkdaşları işdən uzaqlaşdırdı. Yenidən kütləvi həbslər və fəalların öldürülməsi başladı.

Nasiri hərdən orijinal ideyalar da irəli sürürdü. O, şaha sovet xüsusi xidmət orqanları ilə əlaqə yaratmağı və onlardan “əks-kəşfiyyat” texnikası almağı təklif etdi. Ancaq şah amerikalı dostlarının məsləhəti ilə generala bu təşəbbüsünü unutmağı əmr etdi.

(Ardını buradan oxuya bilərsiniz)

Tariyel Həsənov
AzVision.az



Teqlər: İran  





Xəbər lenti